1 iyun tarixində "Baku Crystal Hall"da "GoalPlus" futbol turnirinin püşkatma mərasimi keçirilmişdir.

Offsideplus.az xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli, tanınmış teleaparıcı Sənan Şəfizadə, turnirdə iştirak edəcək komandaların təmsilçiləri və digər qonaqlar iştirak etmişdir.

88 komandanın iştirakı ilə keçiriləcək idman festivalı 14 iyundan 18 avqusta qədər davam edəcəkdir. Bu müddət ərzində 400-dən çox oyun baş tutacaqdır. Turnirin məqsədi gənclər arasında idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir. Turnir boyunca iştirakçılar həm rəqabət, həm də dostluq ruhunu yaşama imkanı əldə edəcəklər.

"m10"-un baş sponsorluğu ilə keçiriləcək festivalın qarşılaşmaları "Su İdman Sarayı"nda baş tutacaqdır.

"GoalPlus" ölkəmizdə idman sahəsində iştirak və kütləviliyin artırılması, bunun vasitəsilə gənclərin öz asudə vaxtlarını səmərəli keçirməsinə töhfə verən platformadır. Artıq 4-cü ildir keçirilən bu festival, ötən il 16000 izləyici cəlb etmişdir.